Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”nda dəyişiklik edib.
XəzərXəbər xəbər verir ki, dəyişikliyə əsasən, qaydanın 5-ci (Müsabiqənin keçirilməsi) maddəsinə yeni bənd əlavə edilib.
Belə ki, bundan sonra müsabiqənin nəticələri elan olunduqdan sonra Təhsil Nazirliyinin
müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat
səviyyəsində hazırlıq qruplarının yerləri elan ediləcək, ali təhsil
müəssisələrinə qəbul olmayan abituriyentlər tərəfindən ixtisas seçimi
həyata keçiriləcək və həmin yerlərə Mərkəz tərəfindən müsabiqə yolu ilə
yerləşdirilmə aparılacaq. Hazırlıq qruplarında tədrisin sonunda Mərkəz
tərəfindən qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları
keçiriləcək və buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan
tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.
Qeyd edək ki, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.