Azərbaycan Xarici İşlər Nazirliyi 3 oktyabr Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ilə bağlı bəyanat yayıb.
XəzərXəbər-in
məlumatına görə, bəyanatda bildirilib ki, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan 2009-cu il Naxçıvan
Razılaşmasının imzalanmasından etibarən, 3 oktyabr tarixi Türkdilli
Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir.
Qeyd edilib ki, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası (Türk Şurası) ortaq tarix, ortaq dil, ortaq kimlik və
ortaq mədəniyyət kimi dörd təmələ əsaslanır və üzv dövlətlər arasında
əməkdaşlıq və həmrəyliyin inkişafı baxımından mühüm regional
platformadır:
"Azərbaycan Türk Şurasına üzv qardaş dövlətlərlə ikitərəfli və
çoxtərəfli tərəfdaşlıq münasibətlərinə yüksək dəyər verir və üzv
dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi, regionda və onun
hüdudlarından kənarda sülhün qorunub-saxlanılması, ortaq maraqları
əhatə edən hərtərəfli və səmərəli regional və ikitərəfli əməkdaşlığın
təşviqi, ticarət və sərmayələr üçün münbit şəraitin yaradılması da daxil
olmaqla, təşkilatın məqsəd və məramlarına sadiqdir".