Prezident İlham Əliyev bu gün
Qobustan rayonunda sakinlərlə görüşü zamanı gələn il Azərbaycanda
sürətli iqtisadi inkişaf olacağını deyib.
XəzərXəbər xəbər verir ki, prezidentin ölkədə iki ildir yaşanan iqtisadi
geriləmədən sonra Azərbaycanın yenidən sürətli inkişaf mərhələsinə daxil
olacağını anons etməsi sadəcə olaraq proqnoz deyil və mövcud iqtisadi
situasiyaya, gələn ilin büdcə layihəsinə əsaslanan möhkəm qənaətdir.
Belə ki, Azərbaycanın 2018-ci il üçün dövlət büdcəsinin layihəsi artıq
parlamentə təqdim olunub. Layihədə büdcənin xərclər və gəlirlər
hissəsinin 4 milyard manatdan çox artımı proqnozlaşdırılır. Bu isə o
deməkdir ki, sərt qənaət tədbirlərinin ardınca gələn il dövlət investisiya
xərcləri yenidən ciddi ölçüdə artacaq, nəticədə iqtisadiyyatda canlanma
yaranacaq. Büdcə layihəsinin detalları məlum deyil, ancaq gözlənilir
ki, xüsusən tikinti sektoruna, infrastruktur layihələrinə investisiyaların artırılması orada əksini tapacaq.
Digər tərəfdən neftin hazırkı qiymətləri də gələn il üçün iqtisadi
inkişaf perspektivləri barədə optimist qənaətə əsas verir. Xeyli
müddətdir ki, neftin bareli 50 dollardan yuxarı satılır, proqnozlara
görə bazarda sabitlik davam edəcək, kəskin ucuzlaşma baş verməyəcək. Bu
səbəbdən Maliyyə Nazirliyi gələn ilin büdcəsində neftin qiymətinin 45 dollardan götürülməsini nəzərdə tutub. Hazırkı büdcə qiyməti 40 dollardır.
Neftin büdcə qiymətinin 5 dollar baha götürülməsi gəlirlərdə artımı
qarantiyalayır. Digər tərəfdən manatın kursu əsasən sabitdir, tədiyyə
balansı müsbətdir, ölkənin valyuta ehtiyatlarında artım var və beləliklə
də ortamüddətli perspektivlər üçün Azərbaycanın makroiqtisadi
göstəricilərinin sabitliyi təmin edilmiş sayıla bilər.
Məlum olduğu kimi manatın iki dəfə devalvasiyaya məruz qalmasından sonra
əhalinin real gəlirlərində azalma baş vermişdi və bu qaçılmaz idi.
Hökumət makroiqtisadi göstəriciləri sabitləşdirmək üçün sərt qənaət
metodunu seçdi və büdcədən maliyyələşən təşkilatlarda maaşların, o
cümlədən sosial ödəmələrin artımına getmədi. Bu "kəmərsıxma” siyasətinin
alternativi həmin şərtlərdə mövcud deyildi. Çünki əmək haqlarının
artımı dövriyyədəki pul küləsini artıraraq milli valyutanın məzənnəsini
sabitləşdirmək səylərinə zərbə vuracaqdı.
İndi isə makroiqtisadi göstəricilərin yenidən yaxşılaşması hökumətə
imkan verəcək ki, nəhayət maaş və sosial ödəmələrdə illik inflyasiyanı
nəzərə alaraq artıma getsin. Böyük ehtimalla gələn ilin büdcəsində əmək
haqlarının və sosial ödəmələrin artırılması üçün vəsait nəzərdə
tutulacaq. Lakin gözləniləndir ki, hökumət yenə də ehtiyatlı davranacaq,
bu artım çox da böyük olmayacaq. İqtisadçılar təxminən 10 faizlik artım
proqnozlaşdırır. Əmək haqlarının artması əhalinin alıcılıq
qabiliyyətinin yenidən artması və beləliklə də iqtisadi canlanmaya təkan
verməsi üçün iqtisadi alətlərdən biridir.
Gözlənilir ki, hökumətin gələn ilin büdcəsində iqtisadi artımla bağlı
proqnozu azı 4-5 faiz təşkil edəcək. Bu, neftin kəskin ucuzlaşmasından
sonra Azərbaycanda son 20 ildə baş vermiş ilk iqtisadi geriləmələrin
ardınca ölkə iqtisadiyyatının yenidən davamlı inkişaf mərhələsinə daxil
olmasına imkan verəcək. Və ən mühümü odur ki, bu artım əsasən
iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft iqtisadiyyatının sürətli
inkişafı hesabına baş verəcək.