İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının baş katibi, professor Mahmud Erol Kılıç Ermənistan ordusunun Azərbaycanın Fizuli rayonunun Alxanlı kəndində dinc sakinləri atəşə tutması ilə bağlı bəyanat verib.
Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, bəyanatda iyulun 4-də Azərbaycan Respublikasının Fizuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat hərəkətləri, 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın həlak olmaları, habelə daha bir mülki vətəndaş Sərvinaz Quliyevanın yaralanması və bir sıra mülki obyektlərin zərər görməsi ilə nəticələnən cinayət əməlləri kəskin şəkildə qınanılır.
Sənəddə İƏT Pİ-nin baş katibi həlak olanların ailəsinə başsağlığı verir, Azərbaycan xalqı, Parlamenti və Hökuməti ilə həmrəy olduğunu bildirir.