Xəzər Xəbər

Zelenski müttəfiqlərin hərbi kontingentinin Ukraynaya göndərilməsi şərtlərini açıqlayıb

Dünya | 22:00 • 27 Mart 2025
Zelenski müttəfiqlərin hərbi kontingentinin Ukraynaya göndərilməsi şərtlərini açıqlayıb

Ukraynaya hərbi kontingentin göndərilməsi üçün dəqiq plan lazımdır. Kiyev onu müttəfiqləri ilə birlikdə inkişaf etdirmək istəyir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski martın 27-də Parisdə “istəklilər koalisiyası”na daxil olan ölkələrin liderlərinin görüşündən sonra sosial media hesablarında məlumat verib.

Zelenski qeyd edib ki, “istəklilər koalisiyası” deyilən qurum artıq həm siyasi, həm də hərbi cəhətdən işləyir. Dövlət başçısı Ukraynaya uzunmüddətli təhlükəsizliyə nail olmaqda kömək etmək istəklərinə görə Fransaya, Böyük Britaniyaya və bütün iştirakçılara təşəkkür edib.

Dövlət başçısının sözlərinə görə, Avropa kontingentinin Ukraynaya mümkün göndərilməsi kontekstində bir sıra suallara cavab vermək lazımdır - Ukraynaya quruda, səmada və dənizdə hansı ölkələr cəlb olunacaq, bu qüvvələr konkret olaraq harada yerləşəcək, sülhməramlıların sayı və strukturu necə olacaq, təhdid baş verərsə, onların cavab prosedurları necə reallaşacaq, koalisiya Ukraynaya faktiki olaraq nə vaxt qüvvələr yerləşdirəcək - atəşkəs nə vaxt başlayacaq və ya müharibə nə vaxt tam başa çatacaq?

Prezident vurğulayıb ki, bunun üçün Ukrayna və onun müttəfiqlərinə hamının razılaşacağı və həyata keçiriləcəyi bir aydın plan lazımdır.

“Biz bu planı hazırlamaq və birlikdə işləmək üçün sizin nümayəndələrinizdən kiçik bir qrupunu Ukraynaya dəvət etmək istəyirik”, - deyə Zelenski əlavə edib.

Qeyd edək ki, martın 27-də Parisdə “istəklilər koalisiyası”na daxil olan ölkələrin liderləri sammiti keçirilib. Koalisiya Ukraynaya hərbi kontingentin göndərilməsi imkanını müzakirə edib.

Xəbər lenti