ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında martın 19-da baş tutan danışıqdan sonra Rusiya raketləri və pilotsuz təyyarələri Ukraynanın enerji obyektlərinə hücum etməyib. Ukrayna Prezidenti Volodimir Zelenskinin “enerji atəşkəsi”nə razılıq verməsindən sonra Ukrayna da Rusiya enerjisinə zərbə vurmayıb.
Bu barədə “RBK-Ukrayna”ya hərbi dairələrdəki mənbələrdən məlumat verilib.
"Ruslar demək olar bir həftədir ki, enerjini hədəfə almayıb. Martın 19-dan bu yana belə zərbələr qeydə alınmayıb. Baxaq, necə gedir, çünki indiyədək bu, heç bir yerdə və ya heç bir şəkildə yazılmayıb", - deyə hərbi mənbə bildirib.
Baxmayaraq ki, bu, Moskvanın Ukraynanı hər gecə yüzlərlə “Şahed” tipli zərbə dronları ilə hücum etməkdən və başqa hədəfləri vurmaqdan çəkindirmir. Lakin son bir həftə ərzində Rusiyanın uzaqmənzilli pilotsuz təyyarələrinin əksəriyyəti hərbi obyektlər, aerodromlar, dəmir yolları və hərbi sənaye kompleksi obyektlərinə yönəlib.
Ukrayna isə Kremlin müharibəni maliyyələşdirən mənbənin azaldılmasına yönəlik neft email zavodlarına hücumlarını davam etdirib.
Əgər dekabrda Rusiya atəşi elektrik enerjisinin istehsalı və ötürülməsini təmin edən obyektlərə cəmləşibsə, yanvar ayından bu diqqət Ukraynanın qaz nəqli sisteminə keçib.
Xatırladaq ki, mart ayında ABŞ və Ukrayna, ABŞ və Rusiya arasında danışıqların bir neçə raundu baş tutub. Tərəflər Səudiyyə Ərəbistanında görüşüb, prezidentlər arasında telefon danışığı olub.
Səudiyyə Ərəbistanında keçirilən son danışıqlardan sonra iki ayrı bəyanat yayılıb: biri Ukrayna ilə ABŞ, digəri isə ABŞ və Rusiya arasında razılaşmalar. Tərəflər Ukrayna və Rusiyanın enerji infrastrukturuna hücumları qadağan etmək barədə razılığa gəliblər. Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın xüsusi mühafizə tələb edən strateji infrastruktur obyektlərinin siyahısını ABŞ-a təhvil verdiyini açıqlayıb. (AZƏRTAC)