ABŞ-də Virciniya ştatında Ronald Reyqan hava limanı yaxınlığında uçuş-enmə zolağına yaxınlaşan təyyarə helikopterlə toqquşub.
Xezerxeber.az-ın məlumatına görə, təyyarə hava limanı yanında Potomak çayına düşüb. Məlumata əsasən, qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib. O, hərbi helikopterlə toqquşub.
CNN-in yaydığı məlumata görə, “American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.
Ağ evin mətbuat katibi Kerolayn Livitt Prezident Donald Trampın Vaşinqtonun Reyqan hava limanı yaxınlığında hərbi helikopter və təyyarənin toqquşması ilə bağlı məlumatlandırıldığını təsdiqləyib.
ABŞ müdafiə departamenti rəsmisinin dediyinə görə, sərnişin təyyarəsi ilə toqquşan ABŞ ordusuna məxsus “Black Hawk” helikopterində üç nəfər ekipaj üzvü olub. Helikopter yüksəkrütbəli şəxsi daşımayıb. Qeyd olunur ki, yüksəkrütbəli ordu rəsmiləri adətən Vaşinqtona “Black Hawk” helikopterində gəlirlər.
“NBC News”un məlumatına görə, qəzaya uğrayan təyyarədə azı 4 nəfər sağ qalıb, onlar xəstəxanaya aparılıb.
“BNO News” portalının məlumatına görə, çaydan 19 nəfərin cəsədi aşkar olunaraq çıxarılıb.