Dəməşq aeroportu 2024-cü il dekabrın 8-dən bəri ilk dəfə olaraq müntəzəm beynəlxalq uçuşlar üçün açılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə aeroportun informasiya xidməti məlumat yayıb. “Təyyarələrin qəbulu bərpa olunub. Biz hazırda Dohadan uçuş gözləyirik”, - deyə məlumatda qeyd olunur.
Qətər yanvarın 2-də bu marşrut üzrə həftədə üç dəfə standart reys həyata keçirəcəyini açıqlayıb. Bundan əlavə, Dəməşq aeroportu səhər saatlarında Ər-Riyaddan yük təyyarəsini də qəbul edib. Eyni zamanda, “Suriya Hava Yolları” Dəməşq və Dubay arasında uçuşların yanvarın 7-də bərpa olunacağını bildirib. Suriyanın “Cham Wings” aviakompaniyası isə Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərinə gündəlik uçuşlar təşkil edəcək.
Suriya paytaxtının hava limanı hələlik ölkədə normal fəaliyyətini bərpa edən yeganə aeroportdur. Hələb şəhərindəki ikinci ən böyük hava limanı xüsusi əməliyyat rejimini yanvarın 12-dək uzadıb. Daha iki aeroport – Lazkiyə və Əl-Qamışlı hava limanları isə uçuşları yanvarın 21-dək dayandırıb.
Xatırladaq ki, Suriyanın müxalifət qüvvələri dekabrın 8-də paytaxt Dəməşqə daxil olub və prezident Bəşər Əsəd ölkədən qaçıb. Həmin vaxtdan etibarən ölkədəki bütün aeroportlar və Suriya üzərindəki hava məkanı uçuşlar üçün bağlanıb. Vəziyyət bir qədər sabitləşdikdən sonra hava məkanı tranzit uçuşlar üçün açılıb, Dəməşq və Hələb hava limanları isə təyyarələri yalnız xüsusi icazə ilə qəbul etməyə başlayıb.