Xəzər Xəbər

Slovakiya Rusiya qazının Avropaya nəqlini dayandıran Ukraynaya qarşı cavab tədbirləri hazırlayır

Dünya | 13:44 • 3 Yanvar 2025
Slovakiya Rusiya qazının Avropaya nəqlini dayandıran Ukraynaya qarşı cavab tədbirləri hazırlayır

Kiyevin Mərkəzi Avropanı Rusiya təbii qazı ilə təmin edən boru kəmərini bağlamasından sonra Slovakiya hökuməti Ukraynaya qarşı cavab tədbirlərini müzakirə edir.

"Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fiko danışıb.

Məlumata görə, R.Fiko Ukraynaya qarşı cavab tədbirlərinin bir hissəsi olaraq ölkədə yaşayan 130 mindən çox Ukrayna qaçqını üçün maliyyə yardımını dayandırıla biləcəyini deyib.

"Bu addımlar Kiyevin Rusiya qazının Slovakiyaya tranzitini dayandırmaq qərarına cavab olaraq nəzərdən keçirilir", - qeyd edilib.

"Facebook"da yayımladığı videomüraciətdə R.Fiko bildirib ki, onun "Smer" partiyası Ukraynaya elektrik enerjisinin tədarükünü kəsməyi də nəzərdən keçirəcək. Həmçinin qaz tranzitinin yenilənməsini və ya Ukraynadan Slovakiya ərazisinə Rusiya qazının nəqlini dayandırılması səbəbilə yaranan maliyyə itkisinin kompensasiyasını tələb edəcək.

Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2024-cü il dekabrın 8-nə olan məlumatına görə, Slovakiyada 130 min 532 ukraynalı qaçqın var. Onların böyük əksəriyyəti birbaşa iki ölkə arasındakı sərhəddən keçib.

Xatırladaq ki, bir müddət əvvəl rəsmi Kiyev müharibə fonunda Rusiyanın enerji nəhəngi "Qazprom" ilə Rusiya-Ukrayna müharibəsindən əvvəl bağlanmış beşillik tranzit müqaviləsini yeniləməyəcəyini bildirib. Beləliklə, Ukrayna vasitəsilə Sovet dövrünə aid boru kəməri ilə nəql olunan Rusiya qazının ixracı 2025-ci il yanvarın 1-dən dayandırılıb.

Slovakiya aylarla Ukrayna Prezidenti Volodimir Zelenskidən sözügedən müqaviləni yeniləməsini istəsə də, o bundan imtina edib. R.Fiko isə bu qərara cavab olaraq bildirib ki, Rusiya qazının tranzitinin dayandırılması Avropada qaz və elektrik enerjisinin qiymətini artıracaq və bu vəziyyət sonda Avropa İttifaqına (Aİ) Rusiyadan daha çox zərər verəcək.

Xəbər lenti