Vaşinqton Prezident Cozef Baydenin yanvarın 20-də vəzifəsini tərk etməsindən öncə Kiyevə 1,25 milyard dollar həcmində yeni hərbi yardım paketi göndərəcək.
Xezerxeber.az xəbər verir ki, “Associated Press” agentliyi bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, yeni paketə “əhəmiyyətli miqdarda sursat”, o cümlədən NASAMS və HAWK hava hücumundan müdafiə sistemləri üçün raketlər daxil olacaq. Bundan əlavə, Kiyev “Stinger” raketləri, 155 və 105 millimetrlik artilleriya mərmiləri ilə təmin ediləcək. Yardımla bağlı açıqlamanın bazar ertəsi veriləcəyi gözlənilir.
Dekabrın 13-də ABŞ-ın dövlət katibi Antoni Blinken Birləşmiş Ştatların Ukraynaya 500 milyon dollar həcmində hərbi yardım ayırdığını açıqlayıb. Həmin paketə HIMARS raket sistemləri üçün sursat və pilotsuz uçuş aparatları daxil edilib.