Xəzər Xəbər

Hakan Fidan və Əhməd Şaradan birgə bəyanat

Dünya | 19:56 • 22 Dekabr 2024
Hakan Fidan və Əhməd Şaradan

Türkiyə Suriyada dövlət qurumlarının bərpası üçün lazımi yardımı göstərməyə hazırdır.

Xezerxeber.az xəbər verir ki, bunu Dəməşqdə Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Suriyaya qarşı əvvəllər tətbiq edilmiş bütün sanksiyalar ölkənin yenidən qurulması maraqlarına uyğun olaraq ləğv edilməlidir: “Bu gün beynəlxalq ictimaiyyət, xüsusən də region ölkələri Suriyanın dirçəlməsi və milyonlarla köçkünün öz ölkələrinə qayıtması üçün səfərbər olmalıdır. Suriyada əvvəlki rejimə qarşı tətbiq edilən bütün sanksiyalar tez bir zamanda ləğv edilməlidir. İnvestisiya, maliyyələşdirmə, infrastruktur xidmətləri, səhiyyə və təhsil xidmətləri mümkün qədər tez təmin edilməlidir. Qaçqınların geri qayıtması üçün Suriyada yenidənqurma işlərinə təcili başlamaq lazımdır”.

Fidan əlavə edib ki, o, yeni Suriya rəhbərliyinin bu istiqamətdə işləmək üçün güclü iradəsini və əzmini görüb, lakin bunun beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacı var.

Nazir vurğulayıb ki, Suriyada mövcud olan PKK və digər terror təşkilatları tərksilah olunmalıdırlar: “Bugünkü görüşdə biz terrorizmlə mübarizə məsələsində ümumi mövqeyimizi təsdiqlədik. Bir daha vurğulamaq istərdim ki, PKK və YPG-nin Suriyada qətiyyən yeri yoxdur. Bu terror təşkilatları Suriya xalqının torpaqlarını işğal edərək təbii sərvətlərini oğurlayırlar. Bu qruplar tez bir zamanda tərksilah edilməlidir. Terrorla mübarizədə Suriya xalqına ən qəti yardımı göstərməyə hazırıq”.

Fidan əlavə edib ki, bu yardım həm də “İŞİD” terror qruplaşması ilə mübarizədə yardımı da əhatə edir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024