Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində Milad yarmarkasında törədilən qanlı hadisə nəticəsində həlak olanların sayı 4-ə çatıb.
Xezerxeber.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alanların sayının 205-ə çatdığı bildirilir. Onların arasında vəziyyəti ağır olanlar da var.
Xatırladaq ki, əslən Səudiyyə Ərəbistanından olan 50 yaşlı Taleh A. adlı şəxs ötən gün yerli vaxtla saat 19:04-də (Bakı vaxtı ilə 22:04) yüksək sürətlə idarə etdiyi “BMW X3” markalı avtomobili şəhərdəki Milad yarmarkasında izdihamın üzərinə sürüb. Avtomobil yarmarkanın ərazisində 400 metr məsafədə hərəkət edərək qarşısına çıxan şəxsləri vurub.
Dərhal yaxalanan həmin şəxsin 2006-cı ildən Almaniyada yaşadığı və Bernburq şəhərində həkim işlədiyi müəyyən edilib.
Hadisə ilə əlaqədar Maqdeburqda dövlət və hökumət binalarının üzərindəki bayraqlar yarıyadək endirilib. Almaniya Kansleri Olaf Şolts da Maqdeburq şəhərinə səfər edib, hadisənin törədildiyi Milad yarmarkasında olub. Şəhər sakinləri hadisənin baş verdiyi əraziyə gələrək həlak olanların xatirəsini ehtiramla yad edir, şamlar yandırır və çiçəklər düzürlər.
Qeyd edək ki, oxşar hadisə səkkiz il əvvəl Berlində baş vermişdi. 2016-cı il dekabrın 19-da terrorçular yük avtomobilini Berlinin Braytşayd meydanındakı Milad yarmarkasında insanların üstünə sürməsi nəticəsində 13 nəfər həlak olmuş, 70-dən çox insan xəsarət almışdı.