İtaliyanın “Eni” neft-qaz şirkətinin Florensiya əyalətinin Kalenzano şəhərindəki neft emalı zavodunda baş verən güclü partlayış nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
Xezerxeber.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfərin itkin düşdüyü bildirilir.
İlkin məlumata görə, partlayış tankerlərə yanacaq doldurulan məntəqədə baş verib. Mülki müdafiə qüvvələri partlayışdan sonra zavodun anbarlarının birində baş verən yanğını söndürüb.
İtaliya Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini faciədən dərin kədərləndiyini, hadisənin başvermə səbəblərinin diqqətlə araşdırıldığını bildirib.
Əraziyə cəlb olunan Toskana regionunun ətraf mühitin mühafizəsi üzrə agentliyinin texniki işçiləri geniş əraziyə yayılan qatı tüstünün potensial təsirlərini qiymətləndirirlər. Əhaliyə evlərinin və iş yerlərinin pəncərələrini daim bağlı saxlamaq və əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq olunub.