Ukrayna dekabrda tərəfdaşlarından bir neçə hava hücumundan müdafiə sistemi alacaq. Yanvar ayında hava məkanını müdafiəsinin təkmilləşdirilməsi də olacaq.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində məlumat verib.
Prezidentin sözlərinə görə, o, müdafiə naziri Rustem Umerovun Ukraynada hava hücumundan müdafiə (HHM) sisteminin gücləndirilməsinə dair tərəfdaşlarla sazişlərin icrası ilə bağlı hesabatını dinləyib.
"Biz indi, dekabrda bir neçə tərəfdaşdan sistemlər gözləyirik, üstəlik, yanvarda hava məkanımız üçün müəyyən işlər görülə bilər. Bunun heç bir gecikmə olmadan həyata keçirilməsi vacibdir”, - deyə Zelenski bildirib.
Dövlət başçısı əlavə edib ki, HHM sistemləri tammiqyaslı müharibə zamanı Ukraynanın qorunmasında əsas rol oynayır. Onlar mülki infrastrukturu, yaşayış sahələrini və strateji obyektləri raket və hava hücumlarından qoruyur, mülki əhali arasında itkiləri, iqtisadi və psixoloji təsiri azaldır.