Rusiya Prezidenti Vladimir Putin xüsusi əməliyyat zonasındakı hadisələrlə bağlı bəyanatla çıxış edib.
Xezerxeber.az xəbər verir ki, o, Rusiya ərazisində Amerika və İngiltərənin uzaqmənzilli silahlarından istifadə olunduğunu bəyan edib. Noyabrın 19-da Ukrayna silahlı qüvvələri Bryansk vilayətində altı ATACMS raketi ilə, noyabrın 21-də isə Kursk vilayətində “Storm Shadow” sistemləri ilə hədəflərə hücum edib. Hava hücumundan müdafiə sistemləri hücumu dəf edib, itki və ciddi dağıntı olmayıb. Rusiya Ukraynanın “Yujmaş” raket-kosmik texnikasını istehsal edən müəssisəsinə nüvəsiz hipersəs ballistik raket zərbəsi endirib.
V.Putin qeyd edib ki, Rusiyaya qarşı uzaqmənzilli silahlardan istifadə edilməsi xüsusi əməliyyatın gedişinə təsir göstərə bilməz. Onun sözlərinə görə, Ukraynadakı münaqişə Qərbin uzaqmənzilli raketlərinin Rusiyaya hücumundan sonra qlobal xarakterli elementlər əldə edib. O əlavə edib ki, Moskva eskalasiyaya qəti və güzgü şəkildə cavab verəcək. Rusiyanın “Oreşnik” raketindən istifadə etməsi ABŞ-ın orta və qısamənzilli raketlərin istehsalı və yerləşdirilməsi planlarına cavabdır.
V.Putin Rusiyanın ukraynalı mülki şəxslərə raketlərdən istifadə olunduğu zaman təhlükə zonasını tərk etməyi əvvəlcədən təklif edəcəyini vurğulayıb və əlavə edib ki, Moskva dinc vasitələrə üstünlük verir, eyni zamanda hadisələrin istənilən inkişafına hazırdır.