2025-ci ildən Moskvada xarici vətəndaşlar haqqında bütün cari məlumatları yoxlamağın mümkün olacağı elektron vəsiqələr veriləcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə TASS agentliyinin jurnalistləri ilə söhbətində Rusiya paytaxtının meri Sergey Sobyanin məlumat verib.
“Gələn ildən etibarən biz federal qanuna əsaslanan eksperiment çərçivəsində miqrantlar üçün elektron pasport təqdim edəcəyik. Bütün məlumatlar xarici vətəndaşın elektron şəxsiyyət vəsiqəsinə yüklənəcək: o, nə vaxt gəlib, hansı biometrik göstəriciləri var, harada işləyir, harada qeydiyyatdadır və sairə. Müvafiq olaraq, polis reydlər keçirərkən bu məlumatların yoxlanıla biləcəyi geniş məlumat bazasına sahib olur”, -deyə Sobyanin bildirib.
Mer əlavə edib ki, gələn ildən Moskva aviasiya qovşağında hətta Rusiya Federasiyasına giriş vizası tələb olunmayan əcnəbilər üçün də eksperiment çərçivəsində biometrik nəzarət tətbiq olunacaq. Sobyanin, həmçinin hesab edir ki, Rusiyaya gələn bütün ziyarətçilərin biometrik məlumat bazasının olması cinayətlərin açılmasının yeni səviyyəsinə çıxmağa imkan verəcək.