Xəzər Xəbər

Rusiya Prezidenti BMT-nin inkişaf institutları və qlobal maliyyə strukturlarında islahatlara çağırıb

Dünya | 16:45 • 24 Oktyabr 2024
Rusiya Prezidenti BMT-nin inkişaf institutları və qlobal maliyyə strukturlarında islahatlara çağırıb

Rusiya bütün maraqlı ölkələri “Şimal-Cənub” dəhlizini və Şimal Dəniz Marşrutunu inkişaf etdirməyə dəvət edir.

Xezerxeber.az xəbər verir ki, bu təklifi “BRICS+” formatında görüşdə Rusiya Prezidenti Vladimir Putin səsləndirib.

BRICS-in XVI sammitinin “Outreach” formatında plenar iclasında çıxış edən Vladimir Putin Yaxın Şərqdəki vəziyyətdən narahatlığını ifadə edərək bildirib ki, Rusiya terrorizmin bütün təzahürlərinə qarşıdır.

Rusiya lideri Yaxın Şərqdə zorakılığa son qoymağa çağıraraq, bu nizamlanmanın hamılıqla qəbul edilmiş dünya prinsipləri əsasında həyata keçirilməli olduğu fikrini ifadə edib.

Rusiya Prezidenti, həmçinin Afrika ölkələrinin BMT Təhlükəsizlik Şurasında iştirakının genişləndirilməsinə, BMT-nin inkişaf institutlarında və qlobal maliyyə strukturlarında islahatların aparılmasına, Qlobal Cənub və Şərq ölkələrinin texnologiyaya çıxışının təmin edilməsinə və onların iqlim dəyişikliyinə uyğunlaşmasına köməklik göstərilməsinə çağırıb. Onun sözlərinə görə, Rusiya qlobal ərzaq və enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.

Çin Xalq Respublikasının Sədri Si Cinpin iclasda çıxış edərək Ukraynadakı böhranlı vəziyyətlə bağlı gərginliyin azaldılmasına və siyasi nizamlanmaya zəmin yaradılmasına, Livandakı müharibədə, Qəzza zolağında hərtərəfli atəşkəsin təşviqinə və münaqişənin yayılmasının qarşısının alınmasına kömək etməyə çağırıb. Onun sözlərinə görə, BRICS qlobal iqtisadi idarəetmə sistemində islahatlara rəhbərlik etməlidir.

İran prezidenti Məsud Pezeşkian BRICS-in köməyi ilə daha ədalətli sistemin yaradılmasına ümid etdiyini bildirib, həmçinin ölkələri sanksiyalarsız, müharibəsiz və soyqırımı olmayan dünya nizamı qurmağa çağırıb.

Xəbər lenti