BRICS-ın XVI sammitinin yekunlarına dair Kazan Bəyannaməsində Ukrayna münaqişəsindən bəhs edilir və vurğulanır ki, bütün dövlətlər bütövlükdə və qarşılıqlı əlaqədə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun hərəkət etməlidirlər.
Xezerxeber.az xəbər verir ki, sammit iştirakçıları Ukrayna münaqişəsinin dialoq və diplomatiya yolu ilə tezliklə tənzimlənməsinin tərəfdarları olduqlarını bəyan ediblər. Sənəd Kremlin saytında yerləşdirilib.
“Ukrayna və onun ətrafındakı vəziyyətlə bağlı müvafiq forumlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında və Baş Assambleyasında qeyd olunan milli mövqeləri xatırlayırıq. Biz vurğulayırıq ki, bütün dövlətlər bütövlükdə və qarşılıqlı əlaqədə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun hərəkət etməlidirlər. Münaqişənin dialoq və diplomatiya vasitəsilə, sülh yolu ilə həllini təmin etməyə xidmət edəcək vasitəçilik və xeyirxah işlərə dair müvafiq təklifləri məmnunluqla qeyd edirik”, - deyə Bəyannamədə deyilir.