“Serbiya qarşıdakı dövrdə Rusiyadan daha yaxşı qiymətlərə təbii qaz alacaq”.
Xezerxeber.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığının təfərrüatlarını ictimaiyyətə açıqlayan zaman deyib.
Aleksandar Vuçiç rusiyalı həmkarı ilə qaz qiymətlərinin kəskin şəkildə aşağı salınmasının razılaşdırıldığını bildirib: “Rusiya Prezidenti ilə qaz qiymətlərinə dair müzakirələr apardıq. Bu qış fəsli üçün çox yaxşı qiymətlər razılaşdırıldı ki, bu da Serbiya üçün kəskin şəkildə aşağıdır”.
Serbiya Prezidenti müxtəlif səbəblərə görə Rusiyanın Kazan şəhərində keçiriləcək BRICS sammitində iştirak edə bilməyəcəyini, ölkəsinin toplantıda 4 nazirlə təmsil olunacağını deyib.
“Serbiya Rusiyaya qarşı təkcə bu il qəbul edilmiş 44 müxtəlif sanksiyalar paketindən heç birinə qoşulmayıb. Rusiya Prezidenti bunu yüksək qiymətləndirir”, - deyə Aleksandar Vuçiç əlavə edib.