2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Xezerxeber.az 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.
12 oktyabr - müharibənin 16-cı günü
• Azərbaycan Ordusu bütün cəbhəboyu əməliyyat üstünlüyünü qoruyub. Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Ordumuzun mövqelərinə hücum etməyə cəhd göstəriblər. Həyata keçirilən əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası sıradan çıxarılıb. Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya bölməsi Hadrut qəsəbəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə hərbi texnikasını döyüş mövqelərində qoyub qaçıb. Qırmızı Bazar istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində düşmənin yeraltı sığınacağı dağıdılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
• Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib.
• Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Süleymanlı kəndinin videogörüntülərini paylaşıb.
• Ermənistan ordusuna məxsus üç pilotsuz uçuş aparatını Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri məhv ediblər.
• Baş Prokurorluğun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 12-si saat 12:00-dək 41 mülki şəxs həlak olub, 207 nəfər xəsarət alıb, 1185 ev, 57 çoxmənzilli yaşayış binası və 148 mülki obyekt yararsız vəziyyətə düşüb.
Düşmənin atəşi nəticəsində Tərtərdə məcburi köçkünlər üçün salınan yaşayış kompleksinə böyük ziyan dəyib.