Xəzər Xəbər

Zelenski atəşkəs barədə düşünmür

Dünya | 09:15 • 11 Oktyabr 2024
Zelenski atəşkəs barədə düşünmür

“Ukrayna Qərb ölkələrindən zəmanət almaq müqabilində atəşkəs barədə düşünmür. Rusiya mediada bu cür güzəştlər barədə şayiələr yaya bilər”.

Xezerxeber.az xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla birgə mətbuata bəyanatında söyləyib.

V.Zelenski Ukraynanın Qərb ölkələrindən zəmanət alacağı təqdirdə atəşi dayandıra biləcəyi variantının nəzərdən keçirilib-keçirilməməsi ilə bağlı suala cavabında bildirib:

“Bu, bizim müzakirələrimizin mövzusu deyil, heç bir atəşkəs yoxdur, biz bu barədə danışmaq istəmirik. Rusiya mediası bu mövzuya geniş yer ayırır”, - deyə Zelenski vurğulayıb.

Ukrayna Prezidenti Makronla danışıqlardan sonra, xüsusilə hərbi, silah-sursatın çatışmazlığı fonunda Fransanın köməyinə ümid etdiyini qeyd edib.

Xüsusilə, liderlər uzaq məsafələrdə müəyyən döyüş sursatlarının istifadəsinə icazə verilməsini müzakirə ediblər. Zelenski izah edib ki, bu, Ukrayna üçün lazımdır. Çünki dronlar uzaq məsafələr üçün kifayət etmir.

Öz növbəsində Makron ukraynalı həmkarı ilə görüşün təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, müzakirələr zamanı yaxşı fikir mübadiləsi aparılıb.

“Bir daha vurğulamaq istərdim ki, Fransa Ukraynanın Rusiyanın təcavüzkar müharibəsinə qarşı həm hərbi, həm də diplomatik sahədə müqavimətini dəstəkləyir”, - deyə Makron qeyd edib.

O əmin edib ki, Fransa həm silah təminatı məsələsində, həm də Ukrayna əsgərlərinin təlimi məsələsində öz öhdəliklərini yerinə yetirməkdə davam edir.

Xəbər lenti