Xəzər Xəbər

Alimlər: XXI əsrdə 100 yaşına çatan insanların sayı azalacaq

Dünya | 14:14 • 8 Oktyabr 2024
Alimlər: XXI əsrdə 100 yaşına çatan insanların sayı azalacaq

Amerikalı alimlərin apardığı tədqiqatın nəticələri göstərib ki, son iki əsrdə müşahidə olunan uzunömürlülüyün orta sürətli artımı əhəmiyyətli dərəcədə yavaşlaya bilər.

Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, Çikaqo İllinoys Universitetinin tədqiqatçıları bəşəriyyətin uzunömürlülüyün son bioloji həddinə yaxınlaşdığını iddia edirlər.

Tədqiqatın aparıcı müəllifi, professor Cey Olşanski qeyd edir ki, tibb elminin yaşlı insanların ömrünü uzatmaqla bağlı əhəmiyyətli irəliləyişlərinə baxmayaraq, bu sahədə yeni inkişafların effektivliyi getdikcə azalır. Bu, gözlənilən ömür uzunluğunun sürətlə artması dövrünün bitdiyini göstərə bilər.

Tədqiqat Yaponiya, Fransa, İsveç və ABŞ da daxil olmaqla, uzunömürlülük nisbəti yüksək olan on ölkə və ərazini əhatə edib. Alimlər 1950-2019-cu illərin statistikası üzrə əldə edilən məlumatları müqayisə edərək, yaşlı insanlar arasında ölüm ehtimalı və onların 100 yaşa qədər yaşama şansındakı dəyişiklikləri təhlil ediblər.

Nəticələr göstərir ki, tədqiq edilən bütün ölkələrdə gözlənilən ömür artımı dayanıb. Belə ki, son 30 ildə 65 yaşdan yuxarı insanlar arasında ölüm halları cəmi 30 faiz azalıb. Halbuki, gözlənilən uzunömürlülüyün eyni sürətlə davam etməsi üçün bu göstəricinin 88 faiz azalması tələb olunurdu.

Alimlərin növbəti 30 il üçün proqnozları yüz il yaşayan insanların ən çox olduğu ölkələrdə gözlənilən uzunömürlülük həddinin cəmi 2,5 il artacağını göstərir ki, bu da əvvəlki illərlə müqayisədə xeyli azdır. Tədqiqatçılar bu əsrdə qadınların yalnız 15 faizinin və kişilərin isə 5 faizinin 100 yaşa qədər yaşayacağını təxmin edirlər. Onlar qeyd edirlər ki, bu həddi aşmaq yalnız yenilikçi gen terapiyası və yaşlanma prosesini ləngidən dərman preparatlarının meydana çıxması ilə mümkün ola bilər. Ancaq bu, bütün insanların yüz yaşına çata biləcəyinə zəmanət vermir. Beləliklə, tədqiqat mövcud tibbi texnologiyalardan istifadə edərək ömrün əhəmiyyətli dərəcədə uzadılmasının mümkünlüyünü şübhə altına alır.

Xəbər lenti

Çox oxunanlar