Danimarka təhsildə rəqəmsal alətlərdən istifadə edilməsində həmişə liderlərdən biri hesab olunub, lakin indi o, bu təcrübədən ilk uzaqlaşan ölkələrdən biridir. Daha çox təhsil ocağı “mobil cihazsız məktəblər” siyasətini həyata keçirir, buna uyğun olaraq, şagirdlər dərs gününün sonuna qədər telefonlarını təhvil verməyə borcludurlar.
AZƏRTAC “Euronews” kanalına istinadla xəbər verir ki, Danimarkada məktəblərdən birində şagirdlər dərs günü ərzində telefonlarını seyfdə qoymağa borcludurlar. 2023-cü ildə start verilən bu pilot proqramı həm valideynlər, həm də müəllimlər tərəfindən dəstəklənib və hazırda davamlı təcrübəyə çevrilib.
Məktəb müəllimləri mobil telefonlardan məhdudiyyətsiz istifadənin şagirdlərin konsentrasiyasına necə zərər verdiyini gördükdə, qadağa tətbiqini təklif ediblər.
Fevral ayında Danimarka Təhsil Nazirliyi məktəblərdə rəqəmsal cihazların istifadə edilməsinə dair yeni tövsiyələri açıqlayıb.
“Kəmiyyət, yaddaş, rifah, yuxu ilə qarşılıqlı əlaqə, fiziki fəaliyyətin əhəmiyyətini öyrənmək üçün müxtəlif elmi yanaşmalara nəzər salsaq, bu tövsiyələrin mobil telefonlardan istifadəni məhdudlaşdırmağa (zərurətə) işarə etdiyi çox aydındır”, - deyə Kopenhagen Dizayn və Texnologiyalar Məktəbinin elmi əməkdaşı Yesper Balslev bildirir.
Qadağa ilk dəfə tətbiq ediləndə “Trongårdsskolen” müəllimləri şagirdlərin güclü müqaviməti ilə üzləşiblər. Lakin bəzi şagirdlər həmyaşıdlarının davranışlarında dəyişikliklər müşahidə etdiklərini qeyd edirlər.
2012-ci ildə bir çox bələdiyyələr dövlət subsidiyadan istifadə edərək məktəblər üçün iPad alıblar.
Lakin təhsildə texnologiyalara yanaşmanın dəyişməsi onların şagirdlərin rifahına təsiri ilə əlaqədar narahatlığı əks etdirir.