Oktyabrın 12-də “Ramştayn” formatında 25-ci görüş keçiriləcək və bu əsnada Ukrayna bütün tərəfdaşlarına qələbə planını təqdim edəcək.
Xezerxeber.az-a bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” kanalına istinadla xəbər verir.
Zelenskinin sözlərinə görə, Ukraynanın müharibənin ədalətli sonunu necə yaxınlaşdıracağı ilə bağlı aydın strategiyası var, bu, güc yolu ilə sülhə nail olmaqdan ibarətdir.
“Qələbə planı Ukraynanın lazımi səviyyədə güclənməsini nəzərdə tutur. Bizə dəstək göstərilməsində lider olan ABŞ ilə müzakirələrə başlamışıq, bütün tərəfdaşları bu prosesə cəlb edirik”, - deyə Zelenski qeyd edib.
“Ramştayn” platforması 50-dən çox ölkənin birliyidir və ukraynalı əsgərləri dəstəkləmək, Ukraynanı qorumaq üçün bir formatdır. Bu platforma çərçivəsində Ukraynaya hərbi yardım - mərmilər, hava hücumundan müdafiə sistemləri, F-16-lar və bir çox başqa silah-sursatların tədarükü əlaqələndirilir. “Ramştayn” Ukrayna üçün əsas silahlar üzərində işləyən imkanların koalisiyasıdır və onun ilk görüşü 2022-ci il aprelin 26-da Almaniyadakı eyniadlı aviabazada baş tutub.
Təxminən bir ay əvvəl Prezident Volodimir Zelenski müharibədə qələbə planını açıqlamışdı. Hazırda planın tam hazır olduğu bildirilir. İndi hər şey onun həyata keçirilməsindən asılıdır.