Xəzər Xəbər

Argentina Prezidenti universitetlərlə bağlı qanun layihəsinə veto qoyub

Dünya | 13:25 • 3 Oktyabr 2024
Argentina Prezidenti universitetlərlə bağlı qanun layihəsinə veto qoyub

Argentina Prezidenti Xavyer Miley parlament tərəfindən təsdiqlənən və universitetlərin maliyyələşdirilməsinin indeksləşdirilməsinə zəmanət verən qanun layihəsinə veto qoyub.

Xezerxeber.az xəbər verir ki, prezidentin mətbuat xidməti qanun layihəsini sərt tənqid edərək, maliyyə mənbəyinin göstərilməməsini məsuliyyətsizlik adlandırıb. Bununla belə, Argentina hökuməti 2025-ci ilin büdcə layihəsinin parlamentdə müzakirəsi zamanı universitetlərin maliyyələşdirilməsi məsələsinə də baxmağa hazır olduğunu bildirib.

Prezidentin vetosundan yan keçmək üçün qanun layihəsi parlamentin hər iki palatasında qanunvericilərin azı üçdə ikisi tərəfindən dəstəklənməlidir.

Qeyd edək ki, oktyabrın 2-də Argentinanın müxtəlif şəhərlərində dövlət universitetlərinə dəstəyin artırılması tələbi ilə yürüşlər keçirilib. Buenos-Ayresdə keçirilən aksiyada on minlərlə insan iştirak edib.

2023-cü il dekabrın 10-da prezidentlik fəaliyyətinə başlayan Xavyer Miley dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyəti kritik adlandırmış və iqtisadiyyatın köklü islahatlara ehtiyacı olduğunu bildirmişdi. Dövlətin iqtisadiyyata minimal müdaxiləsinin tərəfdarı olan prezident iqtisadi problemlərin həlli yolunu xərcləri azaltmaqla büdcə kəsirindən xilas olmaqda görür.

Argentinanın Statistika İnstitutunun məlumatına görə, 2024-cü ilin birinci rübündə ölkədə yoxsulluq səviyyəsi 41,7 faizdən 52,9 faizə yüksəlib. Həmin dövrdə ümumdaxili məhsulun həcmi isə 3,4 faiz azalıb.

Xəbər lenti

Çox oxunanlar