Xəzər Xəbər

Hər il dünyada ürək xəstəliklərindən 20,5 milyon nəfər həyatını itirir

Dünya | 11:00 • 29 Sentyabr 2024
Hər il dünyada ürək xəstəliklərindən 20,5 milyon nəfər həyatını itirir

Ümumdünya Ürək Günü ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə təşkil edilib. Ümumdünya Səhiyyə Təşkilatı, UNESCO və digər mühüm təşkilatlar həmin təşəbbüsü dəstəkləyib. Əvvəlcə onu sentyabrın son bazar günü qeyd edirdilər, 2011-ci ildən isə sentyabrın 29-da keçirirlər.

Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Ümumdünya Ürək Federasiyası 100-dən çox ölkədə tədbirlər keçirir.

Həmin günün proqramına kütləvi sağlamlıq yoxlamaları, ictimai mühazirələr, tamaşalar, elmi forumlar, sərgilər, konsertlər, gəzintilər və idman yarışları daxildir. Hər il keçirilən Ürək Günü ürəyin sağlamlığı ilə bağlı müəyyən mövzuya həsr edilir.

Hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri sayılır və hər il 20,5 milyon nəfər həyatını itirir. Ürək-damar xəstəliklərinə ürəyin və qan damarlarının xəstəlikləri, ürəyin işemik xəstəliyi, beyinin damarlarının xəstəliyi, arteriyaların periferik xəstəliyi, revmokardit, anadangəlmə ürək qüsuru, vena damarların trombozu və sair xəstəliklər aid edilir. Ürək-damar xəstəlikləri və insultun yaranmasının risk amilləri qan təzyiqinin yüksəlməsi, qanda xolesterinin və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə və fiziki hərəkətsizlik, meyvə və tərəvəzlərlə qidalanmanın azlığıdır.

Yeri gəlmişkən, ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxaran qeyri-sağlam həyat tərzi ən çox uşaqlıq və yeniyetməlik dövründə inkişaf edir və yaşlandıqca həmin xəstəliklərə tutulmaq riski getdikcə artır. Ona görə də xəstəliyin profilaktikasına uşaq yaşlarından başlamaq lazımdır.

Ümumdünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi keçirmək, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaq hesabına infarkt və insult nəticəsində baş verən erkən ölüm hallarının qarşısını 80 faiz almaq olar. (AZƏRTAC)

Xəbər lenti