ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Mayk Conson Ukrayna Prezidenti Volodimir Zelenskinin bu həftənin əvvəlində ABŞ hərbi obyektinə səfərini təşkil edən Kiyevin Vaşinqtondakı səfirini sərt şəkildə tənqid edib.
Xezerxeber.az xəbər verir ki, Ukrayna Prezidentinə səfir Oksana Markarovanı geri çağırmağı təklif edən Conson “X” sosial şəbəkəsində yazdığı müraciətində qeyd edib: “Sizin (Zelenski) dediyiniz kimi, ukraynalılar noyabr seçkiləri öncəsi ABŞ-nin daxili siyasətinə qarışmamalı və Amerika xalqının seçimlərinə təsir etməkdən çəkinməlidir. Səfir Markarova bu həftə sizin Amerikanın bir istehsal müəssisəni ziyarət etdiyiniz tədbiri təşkil edəndə, məhz bu sözlərə məhəl qoymayıb”.
Conson Ukrayna dövlət başçısının Pensilvaniya ştatındakı Skranton hərbi sursat zavodunu ziyarət etməsini nəzərdə tutub. Spiker bu ziyarətin siyasi mübahisəli bir ştatda keçirildiyini və Demokratlar Partiyasından prezidentliyə namizəd, ABŞ-ın vitse-prezidenti Kamala Harris tərəfindən dəstəkləndiyini iddia edib. O, həmçinin bunu seçki kampaniyasına açıq müdaxilə kimi qiymətləndirib.
Nümayəndələr Palatasının spikeri vurğulayıb: “Bu uzaqgörən və qəsdən atılan siyasi addım respublikaçıların səfir Markarovanın bu ölkədə ədalətli və səmərəli diplomat kimi xidmət etmək qabiliyyətinə inamını itirməsinə səbəb olub. O, dərhal tutduğu vəzifədən uzaqlaşdırılmalıdır”.
Conson onu da qeyd edib ki, Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün dəstək ikitərəfli xarakter daşıyır, lakin respublikaçı namizədlərin Ukrayna hökumət rəsmiləri tərəfindən mediada hədəfə alınması qarşılıqlı münasibətlərə mənfi təsir edə bilər. “Bu hadisələr təkrarlana bilməz”, -deyə spiker Ukrayna Prezidentinə yazdığı müraciətin sonunda bildirib.