Xəzər Xəbər

Türkiyəni təhdid edən Hindistan Ermənistanı silahlandırmaqda davam edir

Dünya | 14:53 • 16 Sentyabr 2024
Türkiyəni təhdid edən Hindistan Ermənistanı silahlandırmaqda davam edir

Türkiyə sərhədlərindən minlərlə kilometr aralıda yerləşən Hindistan ölkənin təhlükəsizliyinə təhlükə yaradaraq Ermənistana raket tədarük etməyə hazırlaşır.

Bu barədə Türkiyənin “Yeni Akit” qəzeti yazır.

Nəşr xatırladır ki, Ermənistanın 2019-cu ildə Rusiyadan aldığı “Su-30” təyyarəsi Azərbaycana qarşı 44 günlük müharibə zamanı döyüş sursatı, o cümlədən “hava-yer” tipli raketlər olmadığı üçün istifadə olunmayıb.

Qəzet “ThePrint” resursunun məlumatlarına istinadən qeyd edir: “İrəvan vəziyyətdən çıxmaq üçün Hindistanın döyüş sursatlarının, o cümlədən “Astra” tipli “hava-hava” raketlərinin tədarükü ilə bağlı Yeni Dehli ilə danışıqlara başlayıb. Onların hamısı “Su-30” təyyarələrinə inteqrasiya olunacaq. Danışıqlar ilkin mərhələdədir”.

“Yeni Akit” yazır: “Ermənistan hakimiyyəti Hərbi Hava Qüvvələrini inkişaf etdirmək məqsədi daşıyır və buna görə də Hindistanla fəal dialoqu davam etdirir. İrəvan, həmçinin təyyarələrə texniki xidmət bazası təşkil etməyə və yeni hərbi pilotlar yetişdirməyə çalışır. Eyni zamanda, Hindistan Hərbi Hava Qüvvələrinin arsenalında olan “Su-30” təyyarələri ilə Ermənistandakı analoqları arasında fərqlər var və bu, məsələnin ətraflı tamamlanması prosesini tələb edir”.

Ermənistanın Hindistandan almağı planlaşdırdığı döyüş sursatı siyahısına “hava-yer” tipli raketlər də daxildir. Hindistanın “BrahMos” tipli raketlərinin tədarükü planları ilə bağlı məsələ açıq olaraq qalır”, -yazan nəşr Hindistanın əvvəllər Türkiyəyə qarşı təhdidlər səsləndirdiyini də xatırladır.

Qəzet vurğulayır ki, bu gün Hindistan Hərbi Hava Qüvvələrinin donanmasında 272 ədəd “Su 30 MKI” təyyarəsi var və onların bəzi komponentləri Hindistan müəssisələrinin özləri tərəfindən istehsal olunur: “Bu, Hindistana texniki xidmət və hərbi təyyarələr üçün ehtiyat hissələrin satın alınması məsələsində Rusiyadan asılılığını azaltmağa imkan verib”.

Türkiyə nəşri Hindistanın Ermənistana artilleriya sistemləri, atıcı silahlar, radarlar və minaatanlar göndərməsinə də diqqət çəkir. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar