Xəzər Xəbər

Güclü daşqınlar Avropanı cənginə alıb

Dünya | 11:51 • 16 Sentyabr 2024
Güclü daşqınlar Avropanı cənginə alıb

“Boris” qasırğasının səbəb olduğu leysan yağışlar Mərkəzi və Şərqi Avropada son 10 ilin ən böyük daşqınları ilə nəticələnib. Çexiyada yağışlar daha intensiv olub, burada son üç gündə təxminən üçaylıq yağıntı miqdarı qeydə alınıb.

Xezerxeber.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, daşqın Mərkəzi və Şərqi Avropada artıq 7 nəfərin həyatına son qoyub, minlərlə evə ziyan dəyib.

Rumıniyada 4 nəfər ölüb, ziyan dəymiş ev təsərrüfatlarının sayının isə ən azı 5000-dən çox olduğu təxmin edilir.

Avstriyada iki gün ərzində 4 aylıq normaya bərabər yağıntı miqdarı qeydə alınıb. Vətəndaşların seldən xilas edilməsi əməliyyatı zamanı bir yanğınsöndürən həlak olub. Vyananı əhatə edən ərazi fəlakət zonası elan edilib, yerli hakimiyyət orqanları görünməmiş ekstremal vəziyyət olduğunu bildiriblər.

Polşanın Baş naziri Donald Tusk məlumat verib ki, daşqınlar nəticəsində bir nəfər ölüb. Çexiyada daşqın səbəbindən bəzi ərazilərdə təxliyə elan edilib. Bu ölkənin CEZ enerji şirkətinin məlumatına görə, ölkənin şimalında təxminən 51 min evə elektrik enerjisinin verilməsi dayandırılıb. Praqada daşqınlara qarşı mane sədləri qurulub. Sentyabrın 14-də ölkənin cənubunda yerləşən bənd dağılıb. Ətraf mühit naziri Petr Hladik Çexiyada çərşənbə axşamına qədər yağışın gözlənildiyi barədə xəbərdarlıq edərək, yerli hakimiyyət orqanlarını sakinlərin təxliyəsinə hazırlaşmağa çağırıb.

Polşanın cənub-qərbindəki Qlukolazı şəhərinin bələdiyyəsi çayın məcrasından çıxdığını və küçələri su basdığını bildirib. Yerli idarəçilik orqanı sentyabrın 15-də sakinləri yüksək yerlərə təxliyə etməyə çağırıb. Polşanın ikinci ən böyük şəhəri Krakovun meriyası sakinlərə daşqınlardan qorunmaq üçün qum torbaları təklif edib.

İqlim dəyişikliyi səbəbindən dünyanın bir çox yerlərində olduğu kimi, Avropada da həddindən artıq yağıntılar ehtimalı artır. Tədricən istiləşən atmosfer daha çox nəm saxlaya bilir, nəticədə yağışlar intensivləşir.

Güclü yağışın ən azı 16 sentyabr bazar ertəsi gününün sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.

Çexiyanın Ətraf Mühitin Mühafizəsi Nazirliyi “Boris” qasırğası kimi dağıdıcı təbii fəlakətlərin hər 50 ildə bir dəfə baş verdiyini bildirib.

2021-ci ildə Avropada baş verən ekstremal daşqınlardan sonra Ümumdünya Hava Proqnozları Şəbəkəsi belə bir nəticəyə gəlib ki, Avropada daşqınların başvermə ehtimalı iqlimin sürətlə istiləşməsi səbəbindən artır.

Xəbər lenti

Çox oxunanlar