“Telegram”ın qurucusu Pavel Durov Fransada saxlanıldıqdan və ittiham olunduqdan sonra mesajlaşmaları silməyi düşündüyünü söyləyib. “Telegram”da yayımlanan mesajda P.Durov Fransanın onun şəxsiyyətinə və sosial şəbəkəyə qarşı səsləndirdiyi ittihamlardan narazılığını bildirib. O, xüsusilə cinayət məzmununun yayılmasına qarşı tədbir görməməsi ilə bağlı qınaqlara etiraz edir.
Beləliklə, fransalı və rusiyalı milyarder Fransa ərazisindən bu applikasiyanı geri götürəcəyi ilə hədələyərək deyib: “Bizim prinsiplərimizə uyğun gəlməyən bazarları tərk etməyə hazırıq”. Həmçinin “Telegram”ın lideri etiraf edib ki, “Telegram” istifadəçilərinin ani artımı - 950 milyona çatması cinayətkarların platformadan sui-istifadə etməsinin asanlaşmasına səbəb olub və bu da, çətinlikləri artırıb”. P.Durov, həmçinin bu mövzuda işləri yaxşılaşdırmaq arzusunu ifadə edib.
Xatırladaq ki, “Telegram” messencerinin təsisçisi avqustun 24-də Parisin Le Burje hava limanında həbs edilib. P.Durov Fransa hakimiyyətinin verdiyi axtarış qərarına əsasən həbs edilib. Gəldikdən sonra o, polis nəzarətinə götürülməzdən əvvəl axşam Parisdə şam yeməyinə getməli idi. P.Durov avqustun 28-də “Telegram” platformasında mütəşəkkil cinayətkarlıqla əlaqəli bir sıra cinayətlərə görə, xüsusən də məhkəmə dinləmələri üçün zəruri olan məlumatların ötürülməsindən imtina etmək, narkotiklərin qanunsuz dövriyyəsi, uşaq cinayətlərində iştirak kimi müxtəlif cinayət və qanun pozuntularında iştirak etməkdə ittiham olunub. O, “Telegram”da cinayət və ya kriminal məzmunun yayılmasına qarşı fəaliyyətsizlikdə ittiham olunub, ancaq şirkət bunu təkzib edib.
Bildirilir ki, Fransız inzibati sənədinə əsasən, Fransa hakimiyyəti “Telegram”ın baş direktoru və onun həmtəsisçisi qardaşı Nikolaya qarşı 25 mart 2024-cü ildən axtarış qərarı verib. Məhkəmə nəzarəti altında azadlığa buraxılan “Telegram”ın təsisçisinə qarşı ciddi öhdəliklər, o cümlədən beş milyon avroluq girov və Fransa ərazisini tərk etmək qadağası qoyulub. Fransa mətbuatı məsələyə yaxın mənbəyə istinadən onu da yazır ki, Pavel Durova qarşı Parisdə yetkinlik yaşına çatmayanlar üçün idarəyə (OfMin) həvalə edilmiş övladlarından birinə qarşı “ciddi zorakılıq” etdiyinə görə ikinci istintaq başladılıb. Hərəkətlərin onun Parisdə məktəbdə oxuyarkən yeddi yaşlı oğluna qarşı törədildiyi iddia edilir. (AZƏRTAC)