Fransada keçmiş nazir Mişel Alyo-Mari (Michèle Alliot-Marie) vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət vəsaitini mənimsəmə ittihamı ilə həbs cəzasına məhkum edilib.
Xezerxeber.az xəbər verir ki, Nanter məhkəməsi keçmiş nazir Mişel Allyo-Mari 2010-cu ildən 2012-c ilə qədər Sen-Jan-dö-Lüz şəhəri merinin müavini vəzifəsində çalışarkən vəzifəsindən sui-istifadə və dövlət vəsaitini mənimsəməkdə təqsirli bilərək 6 aylıq şərti azadlıqdan məhrumetmə ilə cəzalandırıb. Jak Şirak və Nikola Sarkozi dövründə müdafiə, daxili işlər, ədliyyə və xarici işlər naziri işləmiş Allyo-Marinin vəkilləri hökmdən apelyasiya şikayəti verəcəklərini bildiriblər.
2019-cu ilin fevralında Sen-Jan-dö-Lüzdə şübhəli pul köçürmələri ilə bağlı aparılan təhqiqatda Mişel Alyo-Mariyə qarşı vəzifəsindən sui-istifadə etmə ittihamı irəli sürülüb. Məhkəmə istintaqı Mişel Alyo-Marinin atasının rəhbərlik etdiyi festivalın təşkili üçün yerli assosiasiyalar tərəfindən həyata keçirilmiş pul köçürmələrinin araşdırılması ilə başlayıb.
İyul ayında ittiham tərəfi keçmiş nazirə qarşı iki il şərti həbs cəzası istəyib, müttəhimin vəkilləri bu tələbi "həddindən artıq" hesab ediblər. Prokurorluq həmçinin keçmiş deputatın 50 min avro cərimə ödənilməsini tələb edib və üç il müddətində seçkilərdə iştirakına qadağa qoyub.