Xəzər Xəbər

Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində anlaşma memorandumu imzalanıb

Dünya | 22:15 • 15 Avqust 2024
Türkiyə ilə İraq arasında təhlükəsizlik sahəsində anlaşma memorandumu imzalanıb

Son zamanlar Türkiyə ilə İraq arasında həm siyasi, həm də texniki səviyyədə qarşılıqlı əlaqələr intensivləşib. Bu müsbət inkişaf Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprel ayında İraqa tarixi səfəri ilə taclandırıldı. Bu səfər zamanı ticarətdən enerjiyə, sudan nəqliyyata, səhiyyədən təhsilə qədər əlaqələrimizi daha da möhkəmləndirən 27 saziş və anlaşma memorandumunun imzalanması ümumi iradəmizin ən bariz təzahürüdür. Bugünkü görüşlərimizin nəticəsində isə tarixi bir hadisəyə şahid olduq. Türkiyə ilə İraq arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə mövzusunda anlaşma memorandumu imzalandı. Bu müqavilədə nəzərdə tutulan birgə koordinasiya və təlim mərkəzləri ilə əməkdaşlığımızı növbəti səviyyəyə çıxaracağıq.

Xezerxeber.az xəbər verir ki, bu barədə xarici işlər naziri Hakan Fidan Türkiyədə səfərdə olan İraqın Baş nazirinin müavini və XİN rəhbəri Fuad Hüseyin ilə birgə mətbuat konfransında bildirib.

Nazir deyib: “İraqda PKK ilə bağlı məlumatlılığın artdığını görməkdən məmnunuq. Bu kontekstdə İraqın əvvəlcə PKK-nı ortaq təhlükə, sonra isə qadağan olunmuş təşkilat elan etməsi çox önəmlidir. Bugünkü görüşdə əlaqələrimizin təhlükəsizlik, hərbi və kəşfiyyat aspektlərini, xüsusilə PKK ilə mübarizəni ətraflı müzakirə etdik, əlavə əməkdaşlıq imkanlarını dəyərləndirdik. İraq tərəfinin qadağan olunmuş təşkilat qərarına uyğun olaraq PKK-ya bağlı üç siyasi partiyanın bağlanmasına qərar verməsindən məmnunluğumuzu ifadə etdik”.

Hakan Fidan, eyni zamanda bildirib ki, Türkiyə Prezidentinin Bağdada səfəri zamanı iki ölkə arasında razılaşdırılmış 15 yaşdan kiçik və 50 yaşdan yuxarı İraq vətəndaşları üçün nəzərdə tutulan vizasız rejim tətbiqinə sentyabrın 1-dən etibarən başlanılmasına qərar verilib.

Xəbər lenti