Xəzər Xəbər

BMT feyk xəbərlərlə qarşı mübarizədə səyləri birləşdirməyə çağırıb

Dünya | 12:18 • 15 Avqust 2024
BMT feyk xəbərlərlə qarşı mübarizədə səyləri birləşdirməyə çağırıb

BMT-nin Baş Assambleyası dezinformasiyanın yayılması ilə bağlı narahatlığını ifadə edib və Baş katibin yanlış məlumatlara və feyk xəbərlərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığı təşviq etmək istiqamətində səylərini alqışlayıb.

Xezerxeber.az BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın Baş katibi Antonio Quterreş dezinformasiyaya qarşı mübarizə üzrə dövlətlər, BMT-nin qurumları və digərləri tərəfindən paylaşılan məlumatlara və ən yaxşı təcrübələrə əsaslanan hesabat təqdim edib.

“İnsan hüquqlarının və əsas azadlıqların təşviqi və müdafiəsi üçün dezinformasiyaya qarşı mübarizə” adlı hesabatda Baş katib dezinformasiyanın yaratdığı problemləri və ona qarşı mübarizə yollarını göstərir, müvafiq beynəlxalq hüquqi bazanı müəyyən edir, dövlətlərin və texnologiya müəssisələrinin bu istiqamətdə gördüyü tədbirləri müzakirəyə çıxarır.

Antonio Quterreş hesabatın giriş hissəsində vurğulayıb: “Dezinformasiyaya qarşı mübarizə cəmiyyətdə dayanıqlığın, düzgün media və informasiya mühitinin yaradılmasının təmin edilməsinə davamlı investisiya qoyulmasını tələb edir. Son onilliklər insanların qarşılıqlı əlaqə, ünsiyyət və dünya haqqında məlumat əldə etmə üsullarını tamamilə dəyişdirən sürətli texnoloji dəyişikliklərlə yadda qaldı. İnsanlar indi bütün bəşəri biliklərə sahibdirlər, xəbərlər və məlumatlar saniyələr ərzində yayılır”.

Bu sahədə imkanlara və təhlükələrə toxunan Baş katib qeyd edib ki, insanları maarifləndirmək, məlumatlandırmaq üçün yeni imkanlar mövcuddur. Pandemiya dövründə texnologiya sağlamlıqla yanaşı, təhsil, iş və sair haqqında həyati vacib məlumatlara davamlı çıxışı təmin etmək üçün əsas rol oynadı. Bununla belə, bu dramatik dəyişikliklərin həm də çox sürətlənmiş hadisələr də daxil olmaqla, yenicə üzləşməyə başladığımız mənfi nəticələri də oldu. Həmin vaxt yanlış məlumatlar və feyk xəbərlər insanlarda müəyyən qədər təşviş yaratdı.

Hesabatda vurğulanır ki, bəzən dezinformasiya dövlət və ya qeyri-hökumət aktorları tərəfindən də yayılır. Bu, geniş insan hüquqlarına təsir göstərə, dövlət siyasətinə reaksiyaları sarsıda və ya fövqəladə vəziyyət, silahlı münaqişə zamanı gərginliyi artırar. Seçki prosesi, ictimai sağlamlıq, silahlı münaqişələr və ya iqlim dəyişikliyi kimi müxtəlif məsələlərlə bağlı dezinformasiya ilə əlaqədar narahatlıqların yarana biləcəyi çoxsaylı və müxtəlif kontekstləri nəzərə alaraq, beynəlxalq ictimaiyyət yanlış məlumatları yayanlara qarşı mübarizədə səyləri birləşdirməlidir.

Xəbər lenti

Çox oxunanlar