Xəzər Xəbər

AEBA: Yanğın Zaporojye AES-də nüvə təhlükəsizliyinə təsir etməyib

Dünya | 10:55 • 12 Avqust 2024
AEBA: Yanğın Zaporojye AES-də nüvə təhlükəsizliyinə təsir etməyib

Bazar günü, avqustun 11-də Ukraynanın cənubunda yerləşən Avropanın ən böyük atom elektrik stansiyasında yanğın baş verib, lakin BMT-nin atom enerjisi üzrə nəzarət orqanı bunun nüvə təhlükəsizliyinə təsir etmədiyini bildirib.

Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) “X” sosial platformasında verdiyi məlumata görə, ekspertlər axşam saatlarında partlayış səsləri eşitdikdən sonra Zaporojye Atom Elektrik Stansiyasının şimal hissəsində baş verən yanğını müşahidə ediblər. Amma onlar bəyan ediblər ki, bu, nüvə təhlükəsizliyinə heç bir təsir göstərməyib. Ukrayna və Rusiya insidentdə bir-birini günahlandırır. Rusiya tərəfi bildirib ki, AES-in altı bloku soyuq vəziyyətdə dayanıb və təhlükə yoxdur. RF-nin rəsmisi əlavə edib ki, yanğın Ukrayna ordusunun atəşi nəticəsində zavodun soyutma sistemində baş verib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova AEBA-ya müraciət edərək, həmçinin Kiyevi və Qərbi dünyanın enerji və ərzaq təhlükəsizliyini pozmaqda ittiham edib. O, Ukrayna Silahlı Qüvvələrinin elektrik stansiyasına hücumunu nüvə terroru adlandırıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bəyan edib ki, Rusiya tərəfindən ələ keçirildiyi ilk gündən bəri Moskva Zaporojye AES-dən yalnız Ukraynanı deyil, həm də bütün Avropanı və dünyanı şantaj etmək üçün istifadə edir.

Ukraynanın “Ukrinform” agentliyinin məlumatına görə, Nikopol hərbi administrasiyasının rəhbəri Yevgeni Yevtuşenko “Telegram” kanalında bildirib ki, obyekt hazırda normal işləyir.

Xəbər lenti