Xəzər Xəbər

“Paris-2024”: Sena çayında suyun keyfiyyəti ilə bağlı narahatedici nəticələr açıqlanıb

Dünya | 17:38 • 8 Avqust 2024
“Paris-2024”: Sena çayında suyun keyfiyyəti ilə bağlı narahatedici nəticələr açıqlanıb

Sena çayının suyunun keyfiyyəti ilə bağlı analizlər Olimpiya (JO) və Paralimpiya (JOP) Oyunlarının təşkilatçılarının arxayınlaşdırıcı bəyanatlarından çox fərqli reallığı ortaya qoyub. Paris meriyası nəzdində olan “Eau de Paris” laboratoriyasının götürdüyü gündəlik nümunələr göstərib ki, suyun keyfiyyəti Olimpiadanın başlanmasından bəri yalnız iki gün qənaətbəxş olub.

Bu haqda müstəqil media olan “Mediapart” məlumat yayıb. Bildirilib ki, Olimpiya Oyunlarının təşkilatçıları isə suyun keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etdiklərini deyiblər. Ancaq iyulun 27-dən avqustun 5-dək toplanmış məlumatlar suyun davamlı çirkli olduğunu göstərib. “Escherichia coli” bakteriyası və bağırsaq enterokoklarının səviyyəsi əksər vaxt dözülən həddən çox yüksək olub. Ümumi ictimai üzgüçülük meyarları tətbiq edilərsə, bu uyğunluq nisbəti hətta on gündə bir günə düşür.

Çayın suyunu artıran və çirkləndiriciləri yayan güclü yay yağışları vəziyyəti daha da pisləşdirib. Bütün triatlon məşqləri təxirə salınmalı olub və idmançılar avqustun 5-də qarışıq estafet zamanı çirkli suda üzdükdən sonra narazılıqlarını bildiriblər.

Yuxarı axında təmizləyici sistem deqradasiya olunmuş vəziyyətdədir. Paytaxtın kanalizasiya sistemlərində sızmalar baş verir. Tullantılar və yağış suyunun saxlanması üçün “Austerlitz” hövzəsinin tikintisi kimi investisiyalara baxmayaraq, Senanın suyu çirkli olaraq qalır və üzmək üçün yararlı deyil. “Mediapart”ın məlumatına görə, suyun keyfiyyəti ilə bağlı məlumatlara əlçatanlıq Paris meriyasının və Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi (Cojop) tərəfindən məhdudlaşdırılıb ki, bu da nəticələrlə bağlı qeyri-şəffaflıq yaradıb.

Bələdiyyə rəsmiləri və Olimpiya Oyunlarının təşkilatçıları, xüsusən Paris meri Ann Hidalqo və istefa verən idman naziri Amélie Oudéa-Kastera layihələrinin uğurunu təsdiqləyən çoxsaylı bəyanatlar səsləndiriblər.

İdmançılar, xüsusilə ispanlar və belçikalılar bu vəziyyəti sərt şəkildə tənqid ediblər. Onlar “B” planının olmamasını və onların sağlamlığından çox Olimpiadanın imicinə üstünlük verilməsini pisləyiblər.

Suyun çirklənməsi üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, Olimpiadadan sonra da sağlamlıq riskləri davam edir. Mövcud çətinlikləri nəzərə alaraq, 2025-ci ilin yayında planlaşdırılan ictimai üzgüçülüyün necə idarə ediləcəyi sualı yaranır. Vəziyyət şəhər çimərliyi layihələrinin davamlılığına şübhələr yaradır. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar