Türkiyənin Muğla vilayətinin Milas rayonu ərazisində meşə yanğını baş verib. Alovun söndürülməsi üçün bölgəyə 20-ə yaxın təyyarə və helikopter, 70-dən çox yanğınsöndürmə texnikası cəlb edilib.
Xezerxeber.az xəbər verir ki, hadisə ilə bağlı Muğla valisi İdris Akbıylk mətbuata açıqlama verib.
Məlumata əsasən, yanğın günorta saatlarında zeytunluqda başlayıb. Axşam saatlarına doğru nəzarətə alınan yanğın yenidən alovlanaraq yaşayış yerlərinə yaxın meşəlik əraziyə yayılıb. Qabaqlayıcı tədbirlər çərçivəsində 350 nəfərdən ibarət 60 ailənin yaşadığı Çakıralan kəndi tamamilə boşaldılıb.
Alovlara müdaxilə üçün müvafiq qurumlar səfərbər edilib. Mütəxəssislərlə yanaşı yerli əhali, mədən işçiləri, QHT üzvləri, təhlükəsizlik qüvvələrinin əməkdaşları da yanğına müdaxilə edir.