Banqladeşin Baş naziri Şeyx Hasina istefa verib və ölkəni tərk edib.
Xezerxeber.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda 76 yaşlı xanım Hasinanın hərbi helikopterə minməsi görüntüləri var. Onun hara getdiyi məlum deyil.
Bu gün, avqustun 5-də etirazçılar Banqladeş Baş nazirinin sarayına basqın ediblər. AFP xəbər verir ki, yüzlərlə insan onun rəsmi iqamətgahının qapılarını sındırıb.
Banqladeşdə iyul ayından bəri kütləvi etirazlar davam edir. Etirazçılar Şeyx Hasinanın partiyasına hakimiyyəti saxlamağa kömək edən hökumət işlərində kvota sisteminin əleyhinədirlər. Bu sistem 1971-ci ildə Banqladeşdə Müstəqillik müharibəsi iştirakçılarının ailələrindən olan insanlara, milli və dini azlıqların nümayəndələrinə üstünlük verir.
Banqladeşdə hökumət əleyhinə nümayişlərdə ən qanlı bazar günü 94 nəfərin öldürülməsindən sonra toqquşmalarda ölənlərin ümumi sayı azı 300 nəfərə çatıb. Ölkədə internet məhdudlaşdırılıb, polis etirazları yatırmaq üçün rezin güllələrdən istifadə edib.