Xəzər Xəbər

Anonimliyin qarşısını almaq üçün internet istifadəçilərinə fərdi ID veriləcək

Dünya | 13:12 • 5 Avqust 2024
Anonimliyin qarşısını almaq üçün internet istifadəçilərinə fərdi ID veriləcək

Çin hökuməti internetdə yeni milli ID sisteminin tətbiqini elan edib. Onlayn təhlükəsizlik və nəzarətlə bağlı artan narahatlıqlara cavab olaraq hazırlanmış bu təşəbbüs internet istifadəçilərindən dövlət tərəfindən verilmiş unikal identifikatordan istifadə edərək qeydiyyatdan keçməyi tələb edir.

AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, Çin hökuməti yeni sistemin əsas məqsədinin internetdə dezinformasiya, fırıldaqçılıq və kibercinayətkarlığın yayılmasına töhfə verən anonimliyə qarşı mübarizə aparmaq olduğunu bildirib. Rəsmilərin sözlərinə görə, belə bir tədbir istifadəçilərin məsuliyyət səviyyəsini artırmaq və ictimai asayişi gücləndirmək üçün nəzərdə tutulub.

Yeni qanunvericiliyin bir hissəsi olaraq, bütün onlayn platformalarda qeydiyyat zamanı istifadəçilərin şəxsiyyətini yoxlamaq və hesabları dövlət qurumları tərəfindən verilən unikal eyniləşdirmə nömrələri ilə əlaqələndirmək tələb olunacaq. Eyni zamanda, internetdə milli ID dövlət identifikatoru əsasında sosial platformalar tərəfindən vətəndaşların şəxsi məlumatlarının həddən artıq toplanması və saxlanmasını azaldacaq.

Çin uzun illərdir ki, internetdə informasiyaya nəzarət edir və istifadəçi davranışını diqqətlə izləyir. “Weibo”, “Xiaohongshu” və “Douyin” kimi sosial şəbəkələr öz paylaşımlarında istifadəçilərin ünvanını göstərməyə başlayıb. Bununla belə, nəzarət indiyədək vahid mərkəzdən idarə olunmurdu, bu səbəbdən vətəndaşların tam izlənilməsi müxtəlif onlayn platformaların məlumatlarının nəzərə alınmasını tələb edir. Vahid internet ID-nin tətbiqi bu prosesi mərkəzləşdirəcək.

Cəmiyyətdə bu xəbərə reaksiya müxtəlif olub. Bir tərəfdən, yeni sistemin tərəfdarları bunun internet təhlükəsizliyini yaxşılaşdırmağa kömək edəcəyini və müxtəlif proqramlar tərəfindən fərdi məlumatların toplanmasını məhdudlaşdırılacağını bildiriblər. Bununla belə, tənqidçilər məxfilik və söz azadlığının potensial pozuntuları ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bir çox istifadəçilər belə bir sistemin internet üzərində hökumət nəzarətinin artmasına və informasiyaya çıxışın məhdudlaşdırılmasına səbəb ola biləcəyindən narahatdırlar.

Honkonq Baptist Universitetinin jurnalistika üzrə dosenti Rose Luqiu bildirib: “Bu internet ID ilə onlayn olaraq atdığınız hər addım, bütün rəqəmsal izləriniz tənzimləyicilər tərəfindən nəzarətə götürüləcək. Bu, şübhəsiz ki, insanların davranışlarına təsir edəcək”.

Pekin Universitetindən hüquq professoru Şen Kui öz şərhində qeyd edib ki, mərkəzləşdirilmiş internet ID tətbiq ediləndən sonra insanlar internetdən istifadə etməkdən qorxa bilərlər. “İnternetdə tək şəxsiyyət vəsiqəsinin potensial riskləri və zərərləri çox böyükdür. Bu layihə insanlarda internetdən istifadə ilə bağlı qorxu hissi yaradacaq”, -deyə alim hesab edir.

İlkin məlumatlara görə, birinci mərhələdə yeni sistemin istifadəsi könüllüdür və təklif avqustun sonuna qədər ictimai rəy üçün müzakirələrə açıq olacaq.

Xəbər lenti

Çox oxunanlar