Ermənistandakı Metsamor AES Türkiyə üçün birbaşa təhlükə mənbəyidir. Türkiyə ilə sərhəddən cəmi 16 kilometr aralıda yerləşən stansiyada baş verəcək hər hansı insident Türkiyənin sərhəd əyalətləri üçün ciddi fəsadlara səbəb ola bilər.
Bu barədə Türkiyə mətbuatı Ermənistan hökumətinin hələ 1976-cı ildə inşa etdiyi AES-in ömrünü uzatmaq planlarını şərh edərək yazır.
“Akit” nəşri Türkiyənin Ermənistanla həmsərhəd əyalətlərində son dövrlərdə qeydə alınan xərçəng xəstəliklərinin sayının artmasına diqqət çəkib.
Nəşr qeyd edir: “İstismar müddətinin ən azı 10 il uzadılması planlaşdırılan Metsamor Atom Elektrik Stansiyası İğdır şəhərindən cəmi 30 kilometr, Qars şəhərindən isə 100 kilometr məsafədə yerləşir. Ermənistanda atom elektrik stansiyalarında baş verən hadisələrin mənfi təsirini ilk hiss edən İğdır olacaq”.
“TRHaber” resursu Ermənistandakı köhnə AES-i “Çernobıl AES-dən sonra dünyanın ən təhlükəlisi” adlandırıb. Nəşrin məlumatına görə, Metsamor AES Türkiyə üçün nüvə təhlükəsi mənbəyidir.
“Anadolu” agentliyi Ermənistandakı köhnə AES-in texniki xüsusiyyətlərinə diqqət çəkərək qeyd edib ki, İrəvan həm də yeni AES məsələsini təkcə Rusiya ilə deyil, ABŞ, Cənubi Koreya, Çin və Fransa ilə də müzakirə edir. (AZƏRTAC)