Livanın "Hizbullah" hərəkatı Beyruta edilən hücuma cavab olaraq İsrailin daha dərinliklərinə zərbələr endirə bilər və bu zaman hədəflər təkcə hərbi olmayacaq.
Oxu.Az-ın CBS telekanalına istinadla verdiyi məlumata görə, bu barədə İranın BMT-dəki nümayəndəliyinin əməkdaşı bildirib.
Nümayəndənin sözlərinə görə, indiyə qədər "Hizbullah" və İsrail arasında yazılmamış anlaşma var idi ki, onlar hərbi əməliyyatlar zamanı müəyyən çərçivədən kənara çıxmır, yəni öz hərəkətlərini sərhədyanı rayonlar və ərazilərlə məhdudlaşdırır, əsasən hərbi hədəflərə qarşı addımlar atırdılar. Lakin İsrailin Beyrutun Dahiyə məhəlləsinə hücumu və hədəf olaraq yaşayış evini seçməsi bu məhdudiyyətlərdən kənarlaşma idi.
"Biz gözləyirik ki, cavab olaraq "Hizbullah" daha geniş çeşiddə, daha uzaq məsafədə olan hədəfləri seçəcək, özü də yalnız hərbi hədəflərlə məhdudlaşmayacaq", - deyən mənbə vurğulayıb.
Xatırladaq ki, iyulun 30-da İsrail HHQ-nin qırıcıları Beyrutun "Hizbullah"ın dayaq nöqtəsi olan məhəlləyə dörd raket atıb. Hücumun məqsədi onun əməliyyat qərargahına rəhbərlik edən hərbi rəhbər Fuad Şükürü məhv etmək idi. Onun cəsədi dağılmış binanın qalıqları altından hücumdan bir gün sonra tapılıb. Onunla birlikdə İranın Livandakı hərbi müşaviri də həlak olub. Hücumda, həmçinin beş mülki şəxs həyatını itirib, daha 74 nəfər isə yaralanıb.