Ukrayna beynəlxalq tərəfdaşlardan əhəmiyyətli miqdarda maliyyə yardımının davam edəcəyini gözləyir. Kiyev 2,5 il ərzində Qərb ölkələrindən təxminən 90 milyard dollar alacağına ümid edir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının saytında dərc olunan hesabatda deyilir.
Ukraynanın Maliyyə Nazirliyi müttəfiqlərin və beynəlxalq maliyyə qurumlarının 2022-ci ilin fevralından etibarən Kiyevə büdcə dəstəyi üçün 89,6 milyard dollar ayırdığını bildirib. Bunun 27 milyard dolları geri qaytarılmayan qrant vəsaitləridir.
Ukrayna ardıcıl olaraq ikinci ildir ki, dövlət büdcəsini rekord kəsirlə formalaşdırır və kəsirin əsas hissəsini Qərb tərəfdaşlarının köməyi ilə bağlayacağını gözləyir. Bu il isə büdcə kəsiri 43,9 milyard dollar təşkil edib.
Bu arada, Beynəlxalq Valyuta Fondunun Ukraynadakı missiyasının rəhbəri Qevin Qrey zaman keçdikcə Kiyevə beynəlxalq dəstəyin azalacağını və ölkə hakimiyyətinin özünümaliyyələşdirmə üçün daxili resursları inkişaf etdirməli olduğunu vurğulayıb. Ali Radanın Büdcə Komitəsinin üzvü Pavel Frolov isə öz növbəsində Ukraynanın dünyada ən böyük büdcə kəsirinə malik ölkə olduğunu bildirib. Onun sözlərinə görə, hərbi əməliyyatlar səbəbindən ölkənin xərcləri gəlirlərini iki dəfə üstələyir.