Xəzər Xəbər

Fransada parçalanmış parlament koalisiya hökumətinin qurulması prosesinə başlayır

Dünya | 09:56 • 21 İyul 2024
Fransada parçalanmış parlament koalisiya hökumətinin qurulması prosesinə başlayır

Fransada parlamentin tam mənzərəsi formalaşdırılıb və koalisiya hökumətinin qurulması prosesinə start verilir.

Milli Assambleyanın 577 deputatının seçildiyi rəsmən açıqlanıb. “Yeni xalq cəbhəsi” ittifaqı iyulun 18-də ilk plenar iclası keçirilən parlamentdə yerlərin ən çoxuna malikdir. Fransanın qanunverici orqanının aşağı palatasında siyasi qrup təşkil etmək üçün hər hansı partiya və ya qrupun 15 deputatı olmalıdır. Artıq parlamentdə 11 siyasi qrup formalaşdırılıb. Bu, Fransanın parlament tarixində rekord rəqəmdir və siyasətdə parçalamanın göstəricisidir.

Yeni parlamentdə Prezident Emmanuel Makronun ittifaqı istisna olmaqla, qalan bütün siyasi qruplar ifrat sağçıların tərəfində yer alıb. Eyni zamanda, “Yeni xalq cəbhəsi” ittifaqı xəbərdarlıq edib ki, onun nümayəndəsinin Baş nazir təyin edilməyəcəyi təqdirdə müxalifət sıralarına keçəcək.

Beləliklə, Fransa Milli Assambleyasında “Yeni xalq cəbhəsi” ittifaqı 193, Makronun iqtidar koalisiyası 166 yer alıb. Onun rəhbərlik etdiyi “Respublika naminə birlik” partiyasının deputat yeri isə 172-dən 99-a düşüb. Parlamentdə üçüncü siyasi qrup – ultrasağçı “Milli birlik” və tərəfdarları isə 126 deputatla təmsil olunur. Bu, əvvəlki seçkilərdən 37 nəfər artıqdır. Onun rəhbəri Marin Le Pen parlamentin ifrat sağçı fraksiyasının rəhbəri seçilib. Bitərəf deputatların sayı isə cəmi 8 nəfərdir.

Fransa Milli Assambleyasının spikeri Yael Braun-Pivet yenidən bu vəzifəyə seçilib. O, yalnız 3-cü turdan sonra və çox az səs fərqi ilə bu postu tuta bilib. Braun-Pivetin altı müavini qalan fraksiyaları təmsil edirlər.

Parlamentin yeni tərkibdə ilk iclasından sonra Fransanı koalisiyalı hökumətin formalaşdırılması üzrə mürəkkəb danışıqlar gözləyir. Prezident Makronun bu müzakirələrdə mövqeyi hələ açıqlanmayıb. (AZƏRTAC)

Xəbər lenti