“Ötən gecə mən Donald Trampa danışdım. Sevinirəm ki, o, yaxşıdır və sağalır. Aramızda qısa, amma yaxşı danışıq keçdi”.
Xezerxeber.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Co Bayden media qarşısında çıxışı zamanı deyib. O, sui-qəsd zamanı həyatını itirən şəxsin ailəsinə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib, Məxfi Xidmətə və hüquq-mühafizə orqanları əməkdaşlarına həyatlarını riskə atdıqlarına görə təşəkkür edib.
“Ötən gün də dediyim kimi ABŞ-da bu cür zorakılıq aktları üçün yer yoxdur. Sui-qəsd cəhdi müdafiə etdiyimiz dəyərlərə ziddir. Amerika bu deyil. Bunun baş verməsinə imkan verməməliyik. İndiki halda birlik hər şeydən daha vacibdir”, - deyə ABŞ Prezidenti qeyd edib.
Co Bayden sui-qəsdin motivinin hələlik məlum olmadığını deyib. O, həmçinin Pensilvaniyada siyasi mitinq zamanı təhlükəsizliyin təminatı ilə bağlı müstəqil araşdırmanın aparılmasına göstəriş verdiyini və yaxın saatlarda xalqa müraciət edəcəyini bildirib.