Xəzər Xəbər

Yaşar Güler: Türkiyə Silahlı Qüvvələri Kiprdə sülh və sabitliyin təminatçısıdır

Dünya | 16:11 • 14 İyul 2024
Yaşar Güler: Türkiyə Silahlı Qüvvələri Kiprdə sülh və sabitliyin təminatçısıdır

Türkiyə Silahlı Qüvvələri Kiprdə həm türk, həm də yunan xalqları üçün sülhün və sabitliyin təminatçısıdır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhün qorunması əməliyyatının başlanmasının 50 illiyi ilə bağlı tədbirdə bildirib.

Nazir yunan Kiprini təxribatlardan və Türkiyə qoşunlarının adada olması məqsədlərini təhrif etmək cəhdlərindən imtina etməyə çağırıb.

“Təxribatçı ritorika yunan tərəfinə heç bir fayda gətirməyəcək”, - deyə Y.Güler qeyd edib.

Nazir vurğulayıb ki, Ankaranın bütün hərəkətləri 1974-cü ildə Türkiyənin Kipr üzrə təminatçı ölkə kimi statusuna əsaslanıb və beynəlxalq hüquq normalarına uyğun olub.

“Son 50 ildə Kiprdə göz yaşı axmır, qan tökülmür. Bütün bunlar Türkiyənin hərbi missiyasının adada sülhü təmin etmək üçün göstərdiyi səylərin nəticəsidir. Üçüncü dövlətlərin Kiprdəki vəziyyətə hər hansı müdaxiləsi və adanın yunan icmasına hərbi təchizatı yalnız fikir ayrılıqlarının həllini gecikdirəcək”, - deyə o diqqətə çatdırıb.

Y. Güler vurğulayıb ki, Kiprdə uzunmüddətli nizamlanmanın yeganə yolu Kipr türklərinin suveren və bərabərhüquqlu statusunun tanınmasıdır.

“Kiprdə iki dövlətə alternativ yoxdur və olmayacaq”, - deyə Y.Güler bildirib.

Xəbər lenti

Çox oxunanlar