Bu ildən Türkiyənin dövlət universitetlərində axşam proqramlarının bağlanmasına qərar verilib. Memarlıq, əczaçılıq, psixologiya, qidalanma-diyetoloq kimi bəzi fundamental elm proqramlarına qəbul kvotası məhdudlaşdırılır.
Xezerxeber.az xəbər verir ki, bunu Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar açıqlayıb.
Yeni qərarın ali təhsil müəssisələrində proqram keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm olduğunu qeyd edən Özvar bildirib ki, ölkənin dövlət və vəqf universitetlərinin axşam təhsil proqramları məşğulluğa və gələcəyin peşələrinə uyğun proqramlarla əvəzlənəcək.
Qeyd edək ki, ötən tədris ilində Türkiyə universitetlərində həyata keçirilən 1308 axşam proqramı əsasında təxminən 80 min tələbə təhsil alıb.