Xəzər Xəbər

Antonio Quterreş: Qırğızıstanla Tacikistan arasında sərhəd mübahisəsi danışıqlar yolu ilə həll edilməlidir

Dünya | 13:12 • 3 İyul 2024
Antonio Quterreş: Qırğızıstanla Tacikistan arasında sərhəd mübahisəsi danışıqlar yolu ilə həll edilməlidir

Mərkəzi Asiya ölkələrinə səfər edən BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, Qırğızıstanla Tacikistan arasında sərhəd mübahisəsi danışıqlar yolu ilə həll edilməlidir.

Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, Antonio Quterreş Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarovla görüş zamanı bu ölkənin qonşu dövlətlərlə ərazi mübahisələrinin həllində müsbət təcrübəsini yüksək qiymətləndirib.

O, ötən il Özbəkistanla sərhədlərin delimitasiyasının uğurla həyata keçirildiyini qeyd edib.

Baş katib vurğulayıb: “Əminəm ki, Tacikistanla sərhəd məsələsi diplomatik, sülh və danışıqlar yolu ilə həll olunacaq”. O, eyni zamanda, Fərqanə vadisində sərhədlərin delimitasiyasının mürəkkəbliyini vurğulayıb.

Qırğızıstan və Tacikistan arasındakı dövlət sərhədi təxminən 980 kilometrdir. Sərhədin müəyyənləşdirilməsi və xəritələşdirilməsi ilə bağlı danışıqlar 2002-ci ilin dekabrından davam edir. Hazırda sərhəd xəttinin 90 faizindən çoxu müəyyən edilib və qarşılıqlı şəkildə tanınıb, qalan hissələr isə hələ də mübahisəli hesab olunur. Həll edilməmiş problem yerli sakinlər və hər iki respublikanın hərbçilərinin iştirakı ilə çoxsaylı münaqişələrə, o cümlədən silahlı insidentlərə səbəb olub. 2014-cü ildən bəri Qırğızıstan-Tacikistan sərhədində 10-dan çox ciddi münaqişə baş verib.

Qırğızıstan Çin, Qazaxıstan, Özbəkistan və Tacikistanla həmsərhəddir. Bu ölkənin yalnız Tacikistanla sərhədi delimitasiya və demarkasiya baxımından həll olunmamış qalır.

Görüş zamanı Sadır Japarov Quterreşə Sarı-Caz ərazisindəki dağ zirvəsinə Birləşmiş Millətlər Təşkilatının adının verilməsi haqqında sertifikat təqdim edib.

Xəbər lenti

Çox oxunanlar