Xəzər Xəbər

Çin Liderinin Qazaxıstana dövlət səfəri başlayıb

Dünya | 12:21 • 2 İyul 2024
Çin Liderinin Qazaxıstana dövlət səfəri başlayıb

İyulun 2-də Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin Qazaxıstana dövlət səfəri başlayıb.

Xezerxeber.az Çin Xarici İşlər Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, Çin Liderini Astana beynəlxalq hava limanında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.

ÇXR Sədri iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısında da iştirak edəcək. Tədbirə təşkilatın üzvü, müşahidəçisi və dialoq üzrə tərəfdaş olan ölkələrin liderləri, habelə BMT-nin Baş katibi Antonio Quterreş, digər beynəlxalq və regional təşkilatların rəhbərləri qatılacaqlar.

Qeyd edək ki, 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın iştirakı ilə Şanxayda təsis edilən təşkilata 2017-ci ildə Pakistan və Hindistan qoşulub. ŞƏT-ə üzv ölkələrin 2022-ci ildə Səmərqənddə keçirilmiş Zirvə Toplantısında isə İranın quruma tamhüquqlu üzv qəbul olunması prosesinə start verilib. Astana sammitində Belarusun ŞƏT-ə üzvlüyü ilə bağlı qərarın qəbulu gözlənilir. Qurumun hazırda üç müşahidəçisi, habelə Azərbaycan və Türkiyə də daxil olmaqla, dialoq üzrə 9 tərəfdaşı var.

Xəbər lenti