Cinayətlərlə Mübarizə Şurasının (Brottsförebyggande rådet - Brå) məlumatına görə, İsveçdəki cinayətkar qruplar getdikcə daha çox azyaşlını öz fəaliyyətlərinə cəlb edir və Stokholmdakı 50-yə yaxın məktəb narkotikin açıq ticarətinin aparıldığı və ya saxlandığı yerlərin yaxınlığında yerləşir.
Hökumət Məktəb Şurasına məktəblərin cinayətkar şəbəkələr qarşısında nə qədər zəif olmaları barədə aydın mənzərənin tərtib edilməsi işini tapşırıb.
"Cinayətkar qrupların məktəbə kifayət qədər güclü təsiri var. Məktəblərdə cinayətkarlıq hər zaman olub, amma bu gün uşaq və gənclərin istismarının daha inkişaf etmiş metodu ilə üzləşirik”, - deyə təhsil naziri Lotta Edholm bildirib.
Onun sözlərinə görə, digər bir problem, məktəbdə məşğulluqla bağlı bildirilməli olan cinayət kateqoriyalarının çox az olmasıdır ki, bu da İsveç təhsil müəssisələrində cinayət keçmişi olan insanların çoxalmasına səbəb olur.
“İşə qəbulla bağlı yoxlamalar, məsələn, narkotik və silahla bağlı cinayətləri əhatə etmir. Sistemdən yayınmağa müvəffəq olan və məktəblərimizdə işləyən həqiqi cinayətkarlar var. İlk növbədə uşaqlarımızın naminə quldurluq cinayətləri ilə mübarizə üçün bütün mövcud metodlardan istifadə etmək vacibdir”, - deyə Lotta Edholm qeyd edir.
Hökumətin sözügedən tapşırığı çərçivəsində Brå, Polis İdarəsi, Milli Səhiyyə və Sosial Təminat Şurası, Məktəb Müfəttişliyi və Bərabər Hüquqlar Agentliyindən alınan məlumatlara əsasən, Məktəb Şurası gələn il iyunun 30-dək bununla bağlı hesabat hazırlayacaq. (AZƏRTAC)