Mayın 26-da Gürcüstanda müstəqillik günü qeyd olunur.
Xezerxeber.az xəbər verir ki, paytaxt Tbilisi ilə yanaşı, ölkənin 18 şəhərində bayram tədbirləri keçirilir.
Müstəqillik Gününə həsr olunmuş tədbirlər ənənəvi olaraq Tbilisidəki Azadlıq meydanında hərbi xidmətə çağırılan yeni əsgərlərin andiçmə mərasimi ilə başlanıb. Andiçmə mərasimi ölkənin müxtəlif yerlərində də keçirilib.
Mərasimdə ölkə rəsmiləri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və hərbi attaşe aparatının rəhbəri polkovnik Fuad İbrahimov tədbirdə iştirak ediblər.
Azadlıq meydanında hərbi texnika nümayiş etdirilib.
Həmçinin Tbilisinin Rustaveli prospektində şərab sərgisi təşkil olunub. Qonaqlar idman yarışlarına da baxır, kulinariya məhsulları və uşaq guşələri ilə tanış olurlar.
Qala-konsertin builki proqramı tamamilə folklora həsr olunub.
Qeyd edək ki, bayram tədbirlərində bu ölkədə yaşayan azərbaycanlıların musiqi və rəqs qrupları da iştirak edirlər. Onlar Azərbaycan xalq və bəstəkar mahnılarını, milli rəqslərimizi ifa ediblər.
Saat 17:10-da müstəqilliyin elan edilməsinin tarixi anı təntənəli şəkildə qeyd olunacaq, 300 uşaq Dövlət Himnini ifa edəcək.
Xatırladaq ki, 106 il öncə - 1918-ci ilin mayın 26-da Milli Şuranın qərarı ilə Gürcüstan müstəqil respublika elan olunub. Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika bolşevik işğalınadək - iki il yarım mövcud olub. Həmin dövrdə Gürcüstanın müstəqilliyi Avropanın aparıcı ölkələri tərəfindən tanınıb.
Qonşu ölkə dövlət müstəqilliyini 70 ildən sonra - 1991-ci il aprelin 9-da bərpa edib.