İran Silahlı Qüvvələrinin Baş Qərargahı göyərtəsində İran Prezidenti Seyid İbrahim Rəisinin də olduğu təyyarə qəzası ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrini açıqlayıb.
Xezerxeber.az-ın məlumatına görə, hesabatda qeyd edilib ki, helikopter qəzasından təxminən 90 saniyə əvvəl pilot onunla birlikdə uçan digər iki helikopterlə əlaqə saxlayıb. Rəisiyə məxsus helikopter əvvəlcədən planlaşdırılan marşrut üzrə uçuşunu davam etdirib və təyin olunmuş uçuş yolundan kənara çıxmayıb.
Qeyd olunub ki, qəzaya uğrayan helikopterin gövdəsində güllə izlərinə rast gəlinməyib və helikopter yalnız dağla toqquşduqdan sonra yüksəklikdən yerə çırpılıb və alovlanıb.
Hesabatda əlavə edilib ki, ərazinin mürəkkəbliyi, duman və temperaturun aşağı olması səbəbindən kəşfiyyat əməliyyatı gecəyə qədər uzadılıb və gecəboyu davam etdirilib. Bazar ertəsi səhər tezdən İranın pilotsuz uçuş aparatlarının köməkliyi ilə qəzanın dəqiq yeri məlum olub.
“Helikopter qəzası ilə bağlı sənəd və sübutların əhəmiyyətli bir hissəsi toplanıb, bəzi hissələrin və sənədlərin araşdırılması üçün daha çox vaxt lazımdır”, - İran Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatında qeyd edilib.